Bu gün bir çox insanlar bilir və başa düşür ki, maliyyə azadlığına gedən yol investisiyalardan keçir və maliyyə cəhətdən müstəqil və zəngin olmaq üçün gecə-gündüz işləmək lazım deyil, müəyyən pul vəsaiti əldə etmək üçün sadəcə maliyyə savadlılığı səviyyəsini artırmaq və passiv gəlir mənbələrini yaratmaq kifayyətdir.
İnvestisiya etmək üçün müasir zamanda bu sahədə bir o qədər biliyə də ehtiyac yoxdur. Yalnız investisiya əsaslarını öyrənmək, doğru investisiya vasitələrini tapmaq və optimal investisiya portfelini formalaşdırmaq lazımdır. Təcrübə əldə etdikdən və investisiya sahəsində müəyyən bilik səviyyəsinə çatdıqdan sonra isə daha riskli və gəlirli investisiyalara müraciət etmək olar.
Beləliklə investisiya nədir?
İnformasiya mənbələrin əksəriyyəti investisiyaları gələcəkdə kapitaldan gəlir əldə etmək məqsədi ilə müəyyən bir pul vəsaitinin qoyuluşunu (sərmayəni) nəzərdə tutan bir fəaliyyət kimi təsvir edir. İnvestisiyaları əkin prosesi ilə müqayisə etdikdə hər şey daha sadə görsənir. İnvestisiyalar – kapitalın “əkini” prosesidir, hansı ki, “gəlir” şəklində məhsul verir. Yəni: əkin edirsən, böyüdürsən, məhsulu yığırsan. Lakin bu sadəlik yalnız görünən hissədir və özünüz “əkinçi” olanda bu sadə görünüş dağılır. İlk öncə başa düşmək lazımdır ki, Siz yemədiyiniz taxılı əkirsiniz (saxladığınız və xərcləmədiyiniz pul vəsaitinizi investisiya edirsiniz), bəzən isə taxıl az olduqda, Siz yeməyinizi azaldırsınız ki, tarlanı əkə biləsiniz (xərclərinizi azaldırsınız ki, daha çox investisiya edəsiniz). İkincisi, əkin üçün vaxtı və tarlanı seçmək lazımdır, bunu düzgün etməsəniz, məhsulunuz böyük ehtimalla məhv olacaq (investisiya alətlərinin seçim riski).
