Uğurlu və zəngin olmaq – alın yazısı yoxsa sənin öz əlindədir?


Hər birimiz həyatda uğurlu, müvəffəqiyyətli və imkanlı olmaq arzusundadır. Amma, təəssüf ki, heç də hər kəsdə bu alınmır. Kimsə uğurlu insanların həyat hekayələrini oxuyub düşünür ki, heç vaxt varlı və uğurlu ola bilməz, kimsə isə inadla öz məqsədinə doğru addımlayır. Yəqin ki, hamınız məşhur amerikalı sahibkar və “Microsoft” şirkətinin yaradıcılarından biri olan Bill Geytsin ifadəsini oxumusunuz “Əgər sən kasıb doğulmusansa, bu sənin günahın deyil, amma sən kasıb olaraq həyatını bitirirsənsə bu artıq sənin öz günahındır”. Demək ki, hər şey bizim öz əlimizdədir. Uğur tənbəl və qorxaq insanları sevmir, var dövlətə isə uğursuz sahib olmaq mümkün deyil. Bəs uğurlu və zəngin olmaq üçün bizə nə mane olur? İlk öncə bu əksər hallarda “yoxsulluq kompleksi” ilə bağlıdır. “Yoxsulluq kompleksi” isə öz növbəsində üç tərkib hissədən ibarətdir:
  1. Dünyagörüşündən;
  2. Tənbəllikdən və onu inkar edilməsindən;
  3. Həyat şərtlərindən.

Bir qayda olaraq, müvəffəqiyyət və rifah xarici qüvvələr tərəfindən deyil, insanın daxili vəziyyəti ilə bağlıdır. Bir insan yaxşı bir həyata layiq olmadığını düşünürsə, çox güman ki, o inkişaf istiqamətində heç bir şey etmir. Və məhz onun bu səyi və inamına uyğun da həyatı qurulur. Sadə dildə desək: kim nəyə inanır, onu da əldə edir. Beləliklə, zəngin bir insan olmağı düşünün və “yoxsulluq kompleksindən” xilas olun!


Azərbaycanlıların əksəriyyəti SSRİ dövründə anadan olub, tərbiyə alanlardır, sonrakı nəsil isə məhz SSRİ-də böyüyən insanlar tərəfindən tərbiyə olunub. Bəs bir düşünək, Sovet İttifaqında pula qarşı necə bir dünyagörüşü formalaşırdı? Bəli, nifrət yaradılırdı, təmtəraqlı həyata can atanlara isə bir damğa vurulurdu. Milyonlarla insan pul pisdir, varlı insanlar isə oğrudurlar fikri ilə böyüdülər. O zaman qəlbinizin dərinliyində zəngin olmaq pisdir deyə inanaraq var dövlətə necə səy göstərmək olar?

Amma bu vəziyyət o qədər də çıxılmaz deyil. İnsan uşaqlıqda əldə edən yönəlişliyi dəyişə bilər. İstər-istəməz baxışların dəyişdirilməsi prosesi daimi olaraq həyat təcrübəsini əldə edərək baş verir. Demək ki, biz istəyimizlə öz yönəlişliklər üzərində çalışıb, onların vasitəsi ilə həyatımıza varlıq cəlb edə bilərik. Doğrudur, bu o demək deyil ki, öz düşüncələrimizi dəyişərək biz dərhal milyoner olacağıq, lakin bu Sizə bu istiqamətdə düzgün addımları atmağa imkan verəcək.

İkinci tərkib hissə, tənbəllik – firavanlıq və rifah yolunda duran çox məkrli və təhlükəli bir düşməndir. Bundan əlavə, bir çox insanlar, hətta özlərinə belə tənbəl olduğunu etiraf etmək istəmirlər. Onlar müxtəlif bəhanələr gətirir: günahkar hökumətdir, havadır, həyat yoldaşıdır, uşaqlardır, valideynlərdir və özlərindən başqa hər kəs. Beləliklə, tənbəlliyini əsaslandırmaqla bir şəxs divanda yatmağa davam edir və taleyindən şikayətlənir. Əgər Siz ciddi olaraq həyatınızı dəyişdirmək və necə zəngin olmağını öyrənmək istəyirsinizsə, ilk növbədə, bu günə qədər uğur əldə etməməyinizin ən başlıca səbəbini kimi kifayət qədər səy göstərmədiyinizi görməlisiniz.  

Digər tərəfdən isə insan nə vaxt tənbəllik edir? Nə vaxt ki, o nəticədə maraqlı deyil ya da ki, prosesin özü ona maraqlı gəlmir. Ona görə də Sizin üçün maraqlı olan işlərlə məşğul olun! İdealda elə bir iş tapın ki, həftənin 7 günü onunla məşğul olmaq Sizə maraqlı olsun, hətta buna görə Siz pul almasanız belə. Sevdiyiniz işi isə yalnız cəhdlər və səhvlər nəticəsində tapmaq olar. Çinin qədim filosofu Konfusiyin da dediyi kimi “Sevdiyiniz işi tapın və Siz heç vaxt işləməyəcəksiniz”.

Və sonuncu – həyat şərtləri. Təəssüf ki, həyatda bəzən belə hadisələr baş verir ki, biz onlara nəzarət edə bilmirik. Bu, ciddi bir xəstəlik və ya qəza kimi fərdi şərtlər və ya qlobal, məsələn, qlobal maliyyə böhranı ola bilər. Geri qayıdıb və hadisələrin gedişatını dəyişdirə bilmərik, amma nə baş verdiyinə düzgün reaksiya vermək imkanımız var.

Problemin böyüklüyü bizim ona yanaşmamız ilə müəyyən edilir. Bir insan üçün daimi gəlir mənbəyinin itkisi asanlıqla həll edilə bilən bir problem kimi görünə bilər, digərləri üçün isə rəhbərlik tərəfindən bir töhmət əsl fəlakət deməkdir. Zəngin və sıfırdan necə müvəffəqiyyətli olmağı anlamaq üçün həyatın bütün eniş-yoxuşlarına sakit yanaşmağı öyrənməlisiniz! Hər bir hadisənin həm mənfi, həm də müsbət tərəfləri ola bilər, bizə yalnız duyğularımızı kənara atmaq və vəziyyəti sakit şəkildə təhlil etmək lazımdır. Hər hansı bir böhran yeni imkanlar yaradır!

Uğurlu və müvəffəqiyyətli olmaq barədə müxtəlif kitablar, məqalələr yazılıb, müxtəlif fikirlər və rəylər irəli sürülüb. Bu məqaləmdə daha praktik və həqiqətən də tətbiq edilərək mexanizmi işə salan bir neçə məsləhət toplamağa çalışdım.

Nə qədər yaşayırsınızsa öyrənin! Daim özünü müxtəlif istiqamətlərdə inkişaf etdirmək mütləqdir. Belə Sizə digər insanlarla ünsiyyət qurmaq asan olacaq, onlara isə Sizinlə söhbət etmək maraqlı olar. Mənəvi inkişafınızı dayandırmayın! Məsələn, bu gündən əyləncəli verlişlərə baxmaqdan və kompüter oyunlarını oynamaqdan imtina edin! Öz vaxtınızı təhsilə sərmayə yatırmağa başlayın. Burada təhsil dedikdə məhz özünü təhsil nəzərdə tutulur. Necə deyərlər, ali təhsil bizə çörək pulu qazanmağa, özünü təhsil isə kürü və yağ almağa imkan verər. Və burada yaşın heç bir önəmi yoxdur. Əgər Siz müasir bazarın tələb etdiyi yeni biliklər əldə edib, professional bacarıqlarınızı inkişaf etdirsəniz, neçə yaşınız olduğunun fərqi yoxdur – önəmli olan o bilikləri təcrübədə necə tətbiq edəcəyinizdir.

Öz zəhmətinizi sevməyə və qiymətləndirməyə öyrənin! Əgər Siz işinizi zəruri bir şər kimi qəbul edirsiniz və həftə sonlarınızı televiziya qarşısında divanda uzanarkən keçirirsinizsə, o zaman zəngin yolu Sizin üçün deyil. 

Digər insanların təcrübəsini öyrənin! Adi insanlar sərmayə yatırmağa çox vaxt sərf edirlər. Zəngin insanlar isə düzgün sərmayə yatırmağa öyrənirlər. Ən zəngin insanların nəyə investisiya etdiyini və uğura necə nail olduqlarını öyrənin. Başqalarının uğur qazanmasına imkan verən amillər içərisində Sizin üçün ən vacibini özünüzə götürün. Məlumat əldə edin. Bu dövrdə informasiya dünyanı idarə edir. Özünüzə bir nümunə, müəllim tapın. Hətta ona pulsuz işləyə bilərsiniz, necə ki böyük sənətkarlar digər ustalar üçün çırak işlədikləri kimi. Unutmayın: təcrübəni öyrənməklə, bu şəxsin bacarıqlarından bir parça əldə edirsiniz! Düşünməyin ki, varlı olmaq asan və əyləncəlidir. Zəngin insanın həyatı – gündəlik zəhmət və kifayət qədər vaxt sərfidir.

Sizin ətrafınızda olan çoxlu imkanlardan istifadə edin! Hər yerdə və hər zaman! Daima aktivlərin yaradılması üçün yeni və yeni üsullar taparaq, zəngin insanlar pulu ixtira edirlər. Qəbul edin ki, bizim dünyada pullar ayaqlar altındadır. Sadəcə Sizə pul gətirə biləcək yeni imkanları görə bilməyi öyrənmək lazımdır. Gözlərinizi və qulaqlarınızı açıq saxlayın, küçədə gedərkən, insanlarla ünsiyyətdə olarkən, xəbər oxuyarkən, yeni imkanlara “Hə” deyin! İlk imkanı görən kimi, digər imkanları görməyə də öyrənəcəksiniz. Bazara ona lazım olan imkanları verin və bu Sizə böyük gəlir gətirəcək!

Uğura gedən yolda səbirli olun! Uğur – 10% şans və 90% səbirdir. Çoxları öz güclərinə inanmadıqları üçün gəlir əldə edə bilmirlər və yoldan bir addım qalmışkən dönürlər. Əgər planınız varsa, ona uyğun irəliləyin. Onu dəyişin, əgər daha yaxşı həlliniz varsa, amma hər zaman qarşınızda məqsəd tutun. Unutmayın: inad, konsentrasiya, səmərəlilik uğur üçün mühüm komponentlərdəndir.

Öz fikirlərinizi idarə etməyə öyrənin! Sizin fikirləriniz uğurunuzun açarıdır. Heç vaxt özünüzü məğlubiyyətə və neqativə kökləməyin! Öz kiçik uğurlarınızı bir yerə yazın və hər dəfə ruhdan düşəndə onları oxuyun. Beyninizdə yalnız uğurlu ssenarilər qurun!

Maliyyə cəhətdən bilikli olun! Maliyyə ilə, iqtisadiyyatda baş verən hadisələrlə daha çox maraqlanın. Bloqumun yaradılmasının da əsas məqsədi məhz insanların müəyyən maliyyə-iqtisadi biliklərə yiyələnməsi və onların inkişaf etdirilməsindən ibarətdir. Beləliklə, bu sahəyə aid olan kitablar, məqalələr oxumağa çalışın. Özünüzün şəxsi maliyyə planınızı tərtib edin. Məhz bu plan nəticəsində Siz vəsaitlərinizi idarə etməyə öyrənəcəksiniz. Məsələn, Siz qazancınızdan çox xərcləyirsinizsə bu Sizi heç vaxt uğura gətirib çıxartmayacaq. 

İnvestisiya etməyə başlayın! Əgər pulunuz yoxdursa zaman, vaxt ilkin investisiyalar üçün əvəzolunmaz resursdur. Vaxtınızı biliyə sərmayə qoyun. Sıfırdan başlayaraq bir müddət sonra ildən-ilə daha çox qazanmaq imkanınız olacaq və nəticədə maliyyə azadlığı əldə edəcəksiniz.

İlkin kapital qazandıqdan sonra ondan ağılla istifadə etməyə çalışın – vəsaitinizi uğurlu layihələrə (daha yaxşı öz layihələrinizə) yatırmaya başlayın. Gələcəyə yatırım etməklə, indiki zamanı da unutmayın: yadda saxlayın, xəsislik, acgözlük və insanın öz sağlamlığında qənaət etməsi qəbuledilməzdir!

Bazar və rəqibləri öyrənin! Təkrarlanaraq və kölgədə dayanmaqla Siz heç vaxt uğurlu ola bilməyəcəksiniz. Çalışdığınız bazarı və rəqiblərinizi öyrənin, yeniliklərə diqqət edin və həmin bazara yeni, keyfiyyətli və xüsusi bir şey gətirməyə cəhd göstərin. Fransız hərbiçisi və dövlət xadimi Şarl de Qol demişdir, “Hər zaman ən çətin yolu seçin – burada Siz heç vaxt rəqiblə qarşılaşmayacaqsınız”.

Büdcənizi səmərəli şəkildə idarə edin! Qazandığınızı son qəpiyinə kimi xərcləməyə çalışmayın və, əlbəttə ki, borc almayın. Zəngin insanların gəlirləri aşağıdakı maddələrə uyğun bölüşdürülür:

·         Cari həyat xərcləri və nələrinsə alınması;
·         Toxunulmaz ehtiyat;
·         İnkişaf üçün vəsait;
·         Xeyriyyəçilik.

Hər maddəyə sərf edilən vəsaitlərin faizi fərdi şəkildə müəyyən olunur, amma ümumi götürsək bu xərclərin ən uğurlu strukturudur.

Pulu özünüzə işləməyə vadar edin! Kasıb insanlar pula işləyirlər. Varlılar – aktivləri əldə edərək: daşınmaz əmlak, qiymətli kağızlar, müxtəlif müəssisə və şirkətlər, pulu özünə işləməyə vadar edirlər. Vaxtınızı aktivləri əldə etməyə və onların idarəetməsinə sərf edin. Yadınızda saxlayın, varlıq – bu işləmədən yaşamaq bacarığıdır. 

Öncə pul, sonra təmtəraq. Maliyyə cəhətdən məhdud olan insanlar özünə təmtəraqlı əşyalar almaq imkanında deyillər, maliyyə cəhətdən müvəffəqiyyət qazanmış insanlar isə uğurlarını vurğulamaq və başqalarına göstərmək istəyirlər. Lakin, daha doğrusu, ilk növbədə, özünü sabit gəlirlə təmin etmək və yalnız bundan sonra müvəffəqiyyəti ilə qürur duymaq olar.

Maraqlı eksperiment!
Milyarder və biznes və şəxsi effektivlik sahəsində məşqçi olan Brayan Treysi zəngin insanların nə düşündükləri barədə tədqiqat aparmışdır. Məlum oldu ki, onlar iki məsələ haqqında düşünürlər:
               1. Nə istəyirlər (yəni öz məqsədləri barədə);
              2. Ona necə nail olmaq olar (yəni nə etmək lazımdır ki, öz məqsədlərini reallaşdırmaq mümkün olsun).
Əgər Siz uğur qazanmaq və xəyal etdiyiniz kimi yaşamaq istəyirsinizsə, bu iki sualı özünüzə mümkün qədər çox verin. Nəticədə müəyyən planlar haqqında danışmaq aşağı əmək haqqından və borclardan şikayət etməkdən daha xoşdur. 


Və sonda varlı və kasıb insanların düşüncəsinin 14 fərqli cəhətini göstərmək istəyirəm:
  1. Varlı və zəngin insanlar əmindirlər ki, məhz onlar öz taleyinin yaradıcısıdırlar, kasıb insanlar isə hesab edirlər ki, onların kasıb olmağı alınlarında yazılıb. Belə insanlar heç nəyi dəyişməyə çalışmamaqla axınla üzməyə davam edirlər. Məsləhət: axınla üzməyi dayandırın – çaydan sahilə çıxmaq vaxtı gəldi!
  2. Varlı insanlar gəlirini çoxaltmaq üçün çalışırlar, kasıblar – gəlirini xərcləməyə çalışırlar.
  3. Varlı insanlar az xəyal qurur və daha çox edirlər.
  4. Varlı insanlar yeni ideyalar və imkanlar üçün hər zaman açıqdırlar, kasıblar isə öz problemlər və onları əhatə edən şərtlər üzərində konsentrasiya olurlar. Əgər Sizi Sizin həyat şərtləriniz qane etmirsə – onları dəyişin!
  5. Varlılar uğurlu insanlardan öyrənirlər, onlarla ünsiyyətdə olub, onların davranış modellərini mənimsəməyə çalışırlar. Kasıblar isə uğursuzlarla və hətta daha kasıblarla ünsiyyət qurur və, beləliklə, öz qiymətini qaldırmağa çalışırlar.
  6. Zəngin və uğurlu insanlar başqalarının uğurlarına həsəd aparmırlar, digər insanların nailiyyətlərindən faydalı bir təcrübəni öyrənməyə çalışırlar, yoxsulları isə başqalarının müvəffəqiyyətləri narahat edir.
  7. Zənginlər özünə güvənirlər və uğurlarını açıq bəyan edirlər.
  8. Varlılar müvəqqəti çətinliklərdən qorxmurlar, onlar çətin situasiyalarda özünü itirmirlər və məsələni səmərəli şəkildə həll etməyə çalışırlar.
  9. Varlı insanlar gəlirlərini öz zəhmətin nəticəsi kimi qiymətləndirirlər, kasıblar işə sərf edilən saatların miqdarını hesablayırlar.
  10. Varlılar taktikalarını, strategiyalarını, hətta fəaliyyətlərinin və bütün həyatlarının ümumi istiqamətini tez bir şəkildə dəyişdirə bilirlər. Kasıblar isə şikayət edirlər, amma yollarını getməyə davam edirlər, hansını ki, heç onların özü də seçmir, həyat şərtləri seçir.
  11. Zəngin insanlar inkişaf edərək və mükəmməlləşərək bütün həyatları boyu öyrənməyə davam edirlər, kasıblar isə hesab edirlər ki, kifayət qədər ağıllıdırlar və onların sadəcə bəxtləri gətirməyib.
  12. Uğurlu insanlar müəyyən səviyyəyə çataraq heç vaxt dayanmırlar – onlar inkişaf edib, ən cəsarətli planlarını və arzularını həyata keçirməyə davam edirlər.
  13. Zəngin insanlar pul haqqında emosional deyil praqmatik və məntiqli düşünür. Orta statistik insan pul və zənginlik haqqında hissləri ilə düşünərkən aşağı gəlir səviyyəsinə malik olmağa davam edir, müvəffəqiyyətli bir insan isə maliyyəyə onun üçün müəyyən perspektivləri açan bir vasitə kimi baxır.
  14. Və ən əsası – varlılar yalnız özünə işləyirlər. Hətta onlar şirkət və müəssisə sahibi olmadıqları halda belə, başqalarının fikirlərini həyata keçirməklə məşğul deyillər, hər zaman müstəqil hərəkət etməyə və öz qərarlarını qəbul etmək imkanı verən bir mövqe tuturlar.

Çox güman ki, bu xüsusiyyətlərdən bir neçəsinin özünüzdə olduğunu hiss etdiniz. Dayanmayın, Sizə uğurlu yolda addımlamağa imkan verməyən cəhətlərdən qurtulun! Vacib olan harada olmağınız deyil, haraya getməyinizdir!  

Комментариев нет:

Отправить комментарий

İnvestisiya nədir və onun zəruriliyi nədən ibarətdir?

      Bu gün bir çox insanlar bilir və başa düşür ki, maliyyə azadlığına gedən yol investisiyalardan keçir və   maliyyə cəhətdən müstəqil ...