Şəxsi maliyyə planı – məqsədə çatmaq
üçün və maliyyə müstəqilliyi əldə etmək üçün ilk addımdır. Zəngin insanların
böyük əksəriyyəti öz maliyyə planına malikdirlər ki, pul vəsaitlərinin axınını
səmərəli şəkildə idarə edir və bununla da özünü maliyyə təhlükəsizliyi
baxımından daha güvəndə hiss edirlər. Düzgün tərtib olunmuş plan müəyyən bir
ardıcıl tədbirlər alqoritmini verir və minimal xərclərlə qoyulmuş məqsədə
çatmağa şərait yaradır. Hətta sadə bir plan Sizə özünüzü daha stabil hiss etməyə,
borclardan qurtulub, idealda isə maliyyə vəziyyətinizi bir müddətdən sonra
yaxşılaşdırmağa imkan verəcək.
Əksər insanların maliyyə planı olmasa
da, hər zaman müəyyən bir istəkləri vardır.
Amma onlardan soruşanda “Bəs Siz buna necə nail ola biləcəksəniz?”
nə baş verir? Baxın, burada uzun bir fasilə yaranır. Onlar beyinlərində nələrisə
fikirləşməyə başlayırlar və “Gələcəkdə daha çox qazancım olacaq?” sualına oxşar
bir şeylər söyləyirlər. Amma nə qədər çox? Bu nə vaxt baş verəcək? Bunun üçün
Siz nə edirsiniz? Və gəlir artarsa, sonra nə edəcəksiniz? və s. kimi suallar,
hansılarına ki, cavab olaraq ya sükut, ya da ki, anlaşılmaz bir cümlələr.
Maliyyə planı nədir? Şəxsi maliyyə planı
– məqsədinizə çatmaq üçün (borcları ödəmək, avtomobil və ya mənzil almaq üçün
pul yığmaq, passiv gəlir yaratmaq, tətilə çıxmaq və s.) büdcənizə tətbiq
etdiyiniz (gəlirlər, əmanətlər, sərmayələr və xərclər) bütün tədbirlər
sırasıdır.
Passiv gəlir və ya maliyyə müstəqilliyi – Sizin işləyib-işləməməyinizdən asılı olmayan gəlir. Məsələn, mənzili kirayə verməkdən əldə olunan gəlir, bank depozitləri üzrə faiz dərəcələri, səhmlər üzrə dividendlər, istiqrazlar üzrə kuponlar və s. Məsləhət! Siz çalışmalısınız ki, passiv gəlir tədricən əsas gəlir mənbəyinə çevrilsin və Siz ümumiyyətlə işdə fəal iştirakdan kənarlaşa biləsiniz.
Maliyyə planının tərtib olunmasının
vahid bir standartı yoxdur. Lakin aşağıdakı mərhələlərdən istifadə etmək daha səmərəli
olardı.
Maliyyə planının tərtib olunma mərhələləri
1. Məqsədlərin və onlara çatma müddətinin
müəyyənləşdirilməsi. İlk öncə məqsədin qoyulmasından, yəni nəyə nail
olmaq istəyinizdən, başlamaq vacibdir. Məqsədlər uzunmüddətli və qısamüddətli, əhəmiyyətli
və çox əhəmiyyətli və ya qlobal ola bilərlər. Bundan əlavə, məqsədlər konkret
olmalıdır, pul ekvivalentində və onlara nə vaxt çatmağa planlaşdırdığınız göstərilməlidir.
Məsələn:
Məqsəd
|
Lazım olan vəsait
|
Çatma müddəti
|
Yeni “Mercedes” avtomobili
|
40 000 AZN
|
4 il
|
Şəhərin mərkəzində 3 otaqlı mənzil
|
160 000 AZN
|
12 il
|
İstirahət üçün
|
3 000 AZN
|
Gələn ilin iyun ayına
|
Müddət və məqsədlər Sizin maliyyə imkanlarınıza
uyğun real olmalıdır. Milyon dollarlıq bir evə və ya hesabda bir neçə milyona
sahib olmaq xəyalları qurmaq, təbii ki, yaxşıdır. Amma Siz ölkə üzrə orta əmək
haqqı alırsınızsa, Sizin planınız əvvəlcədən uğursuzluğa uğrayacaq. Yəni realist
olun.
2. Aktivlər və passivlər. Ən çox vaxt tələb edən və uğurun 90%-i hesab
olunan mərhələ. Siz aylıq nə qədər kənara qoymağınızı müəyyənləşdirməlisiniz, amma
ilk növbədə büdcənizin aktiv və passivlərin həcmini bilməlisiniz, yəni Siz nə qədər
qazanıb, nə qədər xərcləyirsiniz. Bunun üçün iki cədvəl tərtib edin: gəlir və xərc.
Cədvəlləri kağızda, Excel də və ya digər yerdə tərtib edə bilərsiniz, həmçinin
maliyyə planlaşdırılması üçün müxtəlif mobil əlavələr mövcuddur ki, onlardan da
istifadə etmək olar. Birinci cədvəl (xərc cədvəli) müxtəlif punktlara bölünür.
Birinci sütunda tarix göstərilir, o birilərində xərc kateqoriyalarınız. Niyə
bütün xərcləri bir sütunda yerləşdirmək məsləhətli deyil? Çünki Siz ümumi nə qədər
xərclədiyinizi bilsəniz, bununla heç nə əldə etməyəcəksiniz, amma Siz xərclərinizi
bölüşdürsəniz, konkret olaraq nə qədər, məsələn, qidalanmaya, əyləncəyə, geyimə,
hədiyyələrə və s., harada artıq xərclədiyinizi görəcəksiniz.
Aydan aya cədvələ düzəliş edə, hansısa
sütunları əlavə edib, hansılarısa çıxarda bilərsiniz. Gündəlik müvafiq
kateqoriyaya nə qədər xərclədiyinizi yazın. Ayın axırı hər şey aydın olacaq və
başa düşəcəksiniz, niyə, məsələn, nəyəsə vəsaitiniz çatmırdı. İlk məsələ pulun
barmaqlarınızın arasından sürüşüb getmə halının qarşısını almaqdır. “Haraya xərcləmişəm?
Bilmirəm...” ifadəsini unudun! Ayın axırı hər kateqoriyaya uyğun yekun rəqəmi
yazıb, göstəriciləri təhlil edin. Sonda isə ümumi yekunu – aylıq ümumi xərcinizi
yazın. Daha sonra isə eyni cədvəli gəlirləriniz üçün tərtib edin. Tarixlə olan
sütun o qədər də uzun olmayacaq, çünki Siz yalnız vəsait alacağınız tarixləri
qeyd edirsiniz.
Yenə də hər şeyi hesablayıb, ümumi
yekunu yazırsınız.
Növbəti edəcəyiniz alınan gəlir və xərc
yekunlarını müqayisə etməkdir. Əgər gəliriniz xərcdən çoxdursa müəyyən pul vəsaiti
əlinizdə qalacaq. Onu maliyyə məqsədlərinizə müvafiq bölüşdürə bilərsiniz. Əgər
xərclər gəlirdən çoxdursa və ya Sizə məqsədlər üçün qalan vəsait yetərli deyilsə,
o zaman xərc cədvəlinizə qayıdıb, xərclərinizi optimallaşdırmaq haqqında düşünmək
lazımdır, yəni Siz harada qənaət edə biləcəyinizi tapmalısınız. Diqqət!
Qənaət etmək dedikdə, Siz əsla yaxşı qidalanmadan, mədəni əyləncədən və s.
özünüzü məhrum etməməlisiniz! Hər şey qədərində olmalıdır! Mümkün qədər
xərcləri azaltdığınız halda belə, yenə də vəsaitinizin yetərli olmadığı halda
digər yollara əl atmaq olar: gəliri şəxsi effektivlik hesabına artırmaq və ya əlavə
gəlir mənbələrini axtarmaq vasitəsi ilə.
Borcunuz və kreditiniz olduğu halda ilk
mərhələlərdə gəlirlərinizin ən az 20%-ni buna ayırın ki, bu yükdən tezliklə
qurtula biləsiniz. Sonralar isə özünüz üçün “təhlükəsizlik yastığı”, yəni
ehtiyat (ən az vəsaitinizin 10%-i) yaratmağa çalışın.
3. Pulu yatırırıq. Məqsədləri, müddətləri və ümumi məbləğləri
müəyyən etdikdən sonra pulun ölü şəklində qalmağını deyil, əlavə gəlir gətirməyinə
diqqət yetirməlisiniz. Hədəflərinizə və müddətinizə uyğun olaraq mənfəət əldə
etmək üçün müxtəlif maliyyə vasitələrindən istifadə edə bilərsiniz.
Məsləhət! Bütün vəsaitlərinizi bir layihəyə yatırmağa dəyməz. Mütləq bir neçəsinin arasında bölüşdürün. Belə bölüşdürmənin nəticəsində Siz heç vaxt bütün pulunuzu itirməyəcəksiniz. Bu çox vacibdir. Və yatırım etdikdə mütləq mümkün olan riskləri araşdırın. Bunun üçün ölkə iqtisadiyyatının mövcud vəziyyətini, maliyyə bazarlarını və imkanlarını, maliyyə qurumlarının reytinqlərini, vəsaitlərinizi sərmayə qoyan şirkətlərin işini daim təhlil etmək vacibdir.
Şəxsi maliyyə planını tərtib edərkən ən əsas
məsələ istədiklərinizə tezliklə çatmaqdır! Məqsədlərinizi sabaha, gələn həftəyə,
işinizi dəyişdirəndən sonrakı müddətə saxlamayın! Başqa sözlərlə, özünüzə süni səbəb
və maneələr yaratmayın, ən qısa müddətdə uğur qazanmağa çalışın!




Комментариев нет:
Отправить комментарий